“TuranBank” beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə ECO Ticarət və İnkişaf Bankından (ETDB) $2 milyon həcmində yeni kredit cəlb edib.
“Tərəflər arasında müvafiq kredit sazişi imzalanıb”, - deyə “TuranBank”ın məlumatında bildirilir.
“TuranBank” cəlb olunan vəsaitləri idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.
“Bu, ECO Ticarət və İnkişaf Bankından cəlb edilmiş sayca dördüncü kreditdir. Belə ki, biz əvvəlki illərdə də bu maliyyə qurumundan Kiçik və Orta Sahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti cəlb etmişdik”, - deyə məlumatda qeyd olunur.
ETDB İqtisadi Əməkdaşlıq Təşkilatının himayəsi ilə üzv dövlətlər arasında sosial-iqtisadi inkişaf və daxili regional ticarətə kömək məqsədilə yaradılan regional inkişaf bankıdır.
Mənzil-qərargahı İstanbulda yerləşən bank 2005-ci ildə yaradılıb və 2008-ci ildə fəaliyyətə başlayıb.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları 29 hüquqi və fiziki şəxsdir.*
R.Əhmədov