Rəsmi Moskva “3+3” platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) çərçivəsində Cənubi Qafqazda əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bunu Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov deyib.
“Hesab edirik ki, “3+3” platforması etimadın yüksəldilməsi tədbirləri, ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə ilə məşğul ola bilər”, - deyə Boçarnikov bu gün mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, Gürcüstan platforma çərçivəsində keçirilmiş birinci iclasda (10 dekabr 2021-ci ildə Moskvada) iştirak etməsə də, qapı daim onun üzünə açıqdır və nə zaman istəsə, qoşula bilər. “Gürcüstanın platformanın məhsuldarlığını gördükdən sonra danışıqlara qoşulması mümkünlüyünü istisna etmirik”, - deyə səfir vurğulayıb.
Bundan başqa, Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli işçi qrupu məsələsinə toxunan Boçarnikov bildirib ki, Moskva Azərbaycan Prezidenti İlham Əliyevin məsələyə yanaşmasını bölüşür. “Bu format kifayət qədər səmərəli olub, ümumi dil tapılıb. Danışıqlar yaxşı gedir. Biz Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin regionda vəziyyətin normallaşdırılması, bütün tərəflər üçün faydalı olacaq iqtisadi əlaqələrin normallaşdırılması ilə bağlı mövqeyini yüksək qiymətləndiririk. Biz bu yanaşma ilə tam razıyıq”, - deyə səfir vurğulayıb.
Bununla yanaşı, o qeyd edib ki, üçtərəfli işçi qrupun hədəfi birgə infrastruktur təşəbbüslərinin parametrlərinin tezliklə başa çatdırılması və Cənubi Qafqazda nəqliyyat-logistika layihələrinin işə salınmasıdır.*
X.Nəsirzadə