14 Rusiya şirkəti Qarabağda və Şərqi Zəngəzurda layihələr həyata keçirmək üçün müraciət edib. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası layihələrində iştirak etməkdə maraqlıdır. “14 Rusiya şirkəti layihələrlə bağlı konkret təkliflərlə müraciət edib. Onların əksəriyyəti podrat layihələridir, lakin sənaye və kənd təsərrüfatı sahələrində investisiya layihələri də var”, - deyə Boçarnikov bildirib.
O qeyd edib ki, Rusiya tərəfinin təqdim etdiyi layihələr dəmir yolu avadanlıqları, tikinti materialları istehsalı, fermer təsərrüfatları və enerji obyektlərinin yaradılması kimi sahələri əhatə edir.
Səfir əlavə edib ki, 2022-ci ildə Azərbaycan və Rusiya arasında çox məhsuldar biznes missiya mübadiləsi gözlənilir.
Xəbər verildiyi kimi, Rusiyanın “KAMAZ” şirkəti və Gəncə Avtomobil Zavodu Şərqi Zəngəzurda layihənin həyata keçirilməsi üçün birgə müəssisə (nizamnamə kapitalı $1 milyon manatdır) yaradıb.*
X.Nəsirzadə