Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Seyid İbrahim Rəisi xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran İslam Respublikasının Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
“Müdafiə naziri Zakir Həsənov Vətən müharibəsində qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə görülən işlər barədə məlumat verib”, - deyə məlumatda qeyd olunur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.*
E.Şəfiyev