Azərbaycan İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyəyə qazın ixracını artıracaq. Bunu SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
“Son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət etmişdir. “Şahdəniz” konsorsiumunu təmsil edən AGSC şirkəti qardaş Türkiyənin sorğusuna artıq cavab verib və mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq”, - deyə o, Facebook səhifəsində yazıb.
İ.Əhmədov qeyd edib ki, bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaq.
Azerbaijan Gas Supply Company (AGSC) Kayman adalarında məhdud məsuliyyətli cəmiyyət olaraq təsis edilib, baş ofisi Bakıda yerləşir. AGSC “Şahdəniz” HPBS üzrə tərəfdaş şirkətlər və SOCAR tərəfindən “Şahdəniz” layihəsinin Mərhələ-1 və Mərhələ-2 çərçivəsində hasil olunmuş təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə tədarükünü həyata keçirir.*
N.Abbasova