“Unibank” ASC 20 milyon manatlıq istiqrazlarını yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilib.
“Hərrac zamanı 9 investor tərəfindən 10 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 milyon manatdır. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edir”, - birjadan qeyd ediblər.
İstiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 9% təşkil edir (faiz ödənişləri hər 3 aydan bir ödəniləcək).
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Xəbər verildiyi kimi, bank istiqrazların yerləşdirilməsindən cəlb edəcəyi vəsaitləri cari əməliyyatların maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır.
“Unibank” 2021-ci ilin oktyabr ayında $15 milyon məbləğində istiqrazlar yerləşdirib. İllik faiz dərəcəsi 6%, tədavül müddəti 6 il təşkil edir. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir ödənilir. “Unibank” cəlb edilmiş vəsaitləri daxili bazarda, o cümlədən Azərbaycanın bölgələrində həyata keçirdiyi əməliyyatların genişləndirilməsinə yönəldəcək.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları 9 fiziki və 1 hüquqi şəxsdir. “Unibank”ın nizamnamə kapitalı 130 milyon 686 min 357,6 manatdır. Bankın əsas səhmdarı Eldar Qəribovdur. “Canley Finance S.A.” şirkəti (Lüksemburq) 7,3096% payla səhmdarlar arasında yer alır.**
X.Nəsirzadə