Azərbaycan və Türkmənistan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” çərçivəsində Birgə Ekspert Qrupunun növbəti görüşünün yaxın zamanda keçirilməsinə dair razılığa gəlib.
“Cümə axşamı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”na əsasən, “Dostluq” yatağı üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun dördüncü iclası videokonfrans formatında keçirilib. İclas Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın dövlət naziri - “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanovun həmsədrliyi ilə keçirilib”, - Energetika Nazirliyinin məlumatında deyilir.
İclasda “Dostluq” yatağı üzrə tərəflər arasında danışıqlar prosesi çərçivəsində tərəqqidən məmnunluq ifadə edilib.
“İşçi Qrupu nəzdində fəaliyyət göstərən Birgə Ekspert Qrupunun növbəti görüşünün yaxın zamanda keçirilməsinə dair razılıq əldə olunub”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2021-ci il yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.
Fevralın 22-də Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib. Türkmənistan parlamenti bu sənədi cari ilin mart ayında ratifikasiya edib.
Mütəxəssislərin rəyinə əsasən, “Dostluq” yatağının ehtiyatları 50 milyon ton həcmində qiymətləndirilir. Uzun illər ərzində bu obyekt mübahisə olub, tərəflərin hər biri yatağı özününkü hesab edib.
O cümlədən, Rusiyanın “LUKOYL” neft şirkətinin prezidenti Vaqit Ələkbərov bəyan edib ki, şirklət bu layihədə iştirak etmək niyyətindədir. **
N.Abbasova