Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib.
“Baş katib Kunio Mikuriya rəhbərlik etdiyi təşkilatın Azərbaycanda gömrük sahəsində aparılan islahatlara dəstəyinin davam edəcəyini vurğulayaraq, Azərbaycanın regional inkişaf və nəqliyyat qovşağı mərkəzinə çevrildiyini bildirdi. Kunio Mikuriya Cənubi Qafqaz regionunda yaranmış sabitliyin regional əməkdaşlıq, insanlararası təmaslar və nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd etdi”, - deyə dövlət başçısının rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
Öz növbəsində, Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğuladı.
“Görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev