“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli aviaşirkəti “Buta Airways” may ayından Ukraynanın Xarkov şəhərinə uçuşları bərpa edəcək, eləcə də Kiyevə reyslərin sayını artıracaq.
“Uçuşlar mayın 20-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək”, - deyə aviadaşıyıcının məlumatında bildirilir.
Həmçinin mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys (şənbə günləri) əlavə olunur.
Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək olar.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Ukraynanın şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testindən keçmək zəruridir.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.*
E.Şəfiyev