Müdafiə naziri Zakir Həsənov hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin artırılmasının 2022-ci ildə prioritet məsələ olacağını bildirib.
Yanvarın 28-də Zakir Həsənovun rəhbərliyi ilə 2021-ci ilin yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının iclası keçirilib.
“İclasda çıxış edən müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qeyd edib ki, hesabat dövrü ərzində Baş Qərargah və ümumilikdə Müdafiə Nazirliyinin mərkəzi aparatında, qoşun növləri qərargahlarında təşkilati-struktur dəyişiklikləri edilib. Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və digər bölmələr yaradılıb və onların əməliyyat imkanları genişləndirilib”, - deyə nazirliyin məlumatında qeyd olunur.
Zakir Həsənov 2022-ci tədris ilində qarşıda duran əsas vəzifələr barədə yekun çıxışı edib.
“Nazir hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılmasının 2022-ci ildə də prioritet məsələ olacağını xüsusi qeyd edib. O, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələrlə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev