Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Xocalı hadisələri Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycana dəymiş ziyan $170 milyondan artıq məbləğdə qiymətləndirilir.*
X.Nəsirzadə