Yanvarın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
“V.Andreyeva 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məsələsində BMTQAK-ın Azərbaycan hökumətinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb”, - deyə Xarici İşlər Nazirliyindən bildiriblər.
Nazir Ceyhun Bayramov Bakının ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrliyi dövründə Azərbaycanın bir sıra qlobal çağırışlara diqqət ayıracağını qeyd edib. BMTQAK missiyasının ölkəmizə səfərinin uğurla həyata keçdiyini bildirən nazir, həmçinin BMT-nin digər agentlikləri ilə faydalı əməkdaşlığın mövcud olduğunu ifadə edib.
Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən nazir azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini xatırladıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb.
“Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 30 illiyi ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən də bir sıra tədbirlərin keçirilməsinin planlaşdırıldığı vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
Görüşdə, həmçinin miqrasiya, Dayanıqlı İnkişaf Məqsədləri və digər sahələrdə praktiki əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.*
E.Şəfiyev