Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov bildirib ki, bu gün Moskvada polis nasizmin reabilitasiyası cəhdinin qarşısını alıb - nasist cinayətkar Qaregin Njde (Qaregin Ter-Arutyunyan) haqqında filmin nümayişini dayandırıb.
“Yanvarın 28-də Moskvada polis nasizmin reabilitasiyası cəhdinin qarşısını alıb. Rusiyanın düz mərkəzində nasist cinayətkarları qəhrəmanlaşdıran filmin nümayiş etdirilməsinə cəhd olunub. Lakin filmin ortasında polis əməkdaşları zala daxil olaraq nümayişi dayandırıb, nasizmin qəhrəmanlaşdırılmasının yolverilməz olması haqqında qanunun pozulması ilə bağlı prokurorluğun qərarını oxuyub və filmin nümayişinə toplaşanları kənarlaşdırıblar. Film nasist cinayətkar Qaregin Njdeyə həsr olunmuşdu”, - deyə Markov Facebook səhifəsində yazıb.
Politoloq qeyd edib ki, Rusiya Erməniləri İttifaqı Njdenin qəhrəmanlaşdırıldığı filmi yenidən nümayiş etdirməyə cəhd edib. “Onlar artıq Rusiyada - Armavirdə nasist cinayətkar Njdenin şərəfinə xatirə lövhəsi qoymağa çalışmışdılar. Onun təqsiri dəfələrlə sübuta yetirilib. Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi dəfələrlə Njdenin təxribatçılar hazırlayaraq təxribatlar və terror aktları törətmək üçün arxa cəbhəyə göndərməsini sübut edən sənədlər dərc ediblər. Xatirə lövhəsini sökdülər”, - deyə o vurğulayıb.
Markov qeyd edib ki, Rusiyada nasist cinayətkar Njdenin şərəfinə ucaldılan bütün abidələrin Ermənistanda da sökülməsini tələb edirlər, təəssüf ki, bu ölkədə belə abidələrin sayı olduqca çoxdur. “Bu təcrübəli terrorçunun tərənnüm edilməsinə son qoyulmalıdır”, - deyə politoloq vurğulayıb.