Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək ləğv olunub.
Nazirlər Kabineti, həmçinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib.
Qərara əsasən, Azərbaycana gətirilən və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az və 92 oktan ədədi ilə benzinlərin 1 tonu üçün aksiz dərəcəsi fevralın 1-dən iyunun 1-dək 200 manatdan 1 manata endirilib.
Xəbər verildiyi kimi, SOCAR planlı təmir işləri ilə əlaqədar 2022-ci ilin I yarısında Bakı Neft Emalı Zavodunun (BNEZ) işini dayandırmağı planlaşdırır.
Şirkətdən qeyd ediblər ki, BNEZ-in təmirə dayandırıldığı dövrdə AI-92 markalı avtomobil benzininin idxalı həmin dövr üçün bu neft məhsuluna daxili tələbatdan və benzin ehtiyatından asılı olacaq.*