Nazirlər Kabineti Maliyyə Nazirliyinə 2023-cü il və 2024-2026-cı illər üçün dövlət büdcəsinin layihəsini 2022-ci il sentyabrın 15-dək hökumətə təqdim etməyi tapşırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Hökumətin sərəncamına əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2023-cü il və sonrakı üç il üçün Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2022-ci il aprel ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprel ayının 15-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Bundan başqa, Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi isə Azərbaycan Respublikasının növbəti büdcə ili və 2023-2026-cı illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2022-ci il sentyabrın 1-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına, sentyabrın 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2021-ci ilin ilkin statistik məlumatlarını 2022-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməli, növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilməsini təmin etməlidir.
Maliyyə Nazirliyinə 2023-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc, o cümlədən investisiya xərclərinin məbləği və kəsir) ilkin ortamüddətli göstəricilərini 2022-ci il aprelin 1-dək, dəqiqləşdirilmiş variantını 2022-ci il avqustun 25-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin dəqiqləşdirilmiş məbləğini isə 2022-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi 2022-ci il üçün dəqiqləşdirilmiş, 2023-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2023-cü il üçün ilkin proqnozlarını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2022-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə neft-qaz sahəsi üzrə dövlət və hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçı tərəflərin investisiya planları ilə bağlı məlumatların təqdim edilməsinə dair təkliflərini 2022-ci il avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyinə 2023-cü ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini 2022-ci il iyulun 1-dək, sosial-iqtisadi proqnoz göstəricilərini və dövlət investisiya proqramının istiqamətlərinin ilkin layihəsini hazırlayıb 2022-ci il mayın 1-dək, 2023-cü il və sonrakı üç il üçün neft və qeyri-neft sektoru üzrə vergi növlərinin və dövlət rüsumunun əsaslandırılmış proqnoz göstəricilərini 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyinə 2023-cü və 2024-2026-cı illər üçün vergi və rüsumlar üzrə daxilolmalarla bağlı göstəricilərin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə müzakirəsinin avqustun 15-dək başa çatdırılmasını təmin etmək tapşırılıb.
İri dövlət şirkətləri, İnvestisiya Holdinqi isə onun idarəetməsinə verilmiş dövlət şirkətləri, müəssisələr və dövlətin payı olan təsərrüfat cəmiyyətlərinin 2023-cü il və sonrakı üç il üçün gəlir və xərcləri, eləcə də dövlət büdcəsinə ödəniləcək dividendlər üzrə proqnoz məlumatlarını 2022-ci il avqustun 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları işğaldan azad edilmiş ərazilərdə sektorlar və istiqamətlər üzrə 2023-2026-cı illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Nazirlər Kabineti, həmçinin Mərkəzi Banka da bir sıra tövsiyələr verib. Mərkəzi Bank monetar sektor və tədiyə balansı üzrə ətraflı statistik məlumatları 2022-ci il fevral ayının 5-dək İqtisadiyyat Nazirliyinə təqdim etməli, İqtisadiyyat Nazirliyinin hazırladığı tədiyə balansının proqnozuna dair rəyini 2022-ci il aprel ayının 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Bundan əlavə, Nazirlər Kabinetinin sərəncamında 2023-cü və 2024-2026-cı illər üzrə dövlət büdcəsi layihəsinin keyfiyyətli hazırlanmasının təmin edilməsi məqsədilə dövlət qurumları üçün bir sıra digər tapşırıqlar da nəzərdə tutulub.*
R.Kərimov