Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya Azərbaycanın gömrük sahəsində yaxşı bir model ölkə olduğunu və bu təcrübədən Avrasiya bölgəsi və Mərkəzi Asiya ölkələrinin faydalanmasını tövsiyə etdiyini bildirib. O, bunu yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
“K.Mikuriya Azərbaycanın xüsusilə gömrük sahəsində yaxşı bir model ölkə olduğunu və bu təcrübədən digər ölkələrin, xüsusilə Avrasiya bölgəsi və Mərkəzi Asiya ölkələrinin faydalanmasını daim tövsiyə etdiyini diqqətə çatdırıb”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Baş katib Azərbaycanla Ermənistan arasında əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı etimad yaradan addımların atılmasının, beynəlxalq və regional səciyyəli birgə layihələrin icra edilməsinin vacibliyinə toxunub. O, ÜGT-nin bu prosesə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
C.Bayramov bölgədə münaqişə sonrası vəziyyətdən danışaraq, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanların yarandığını və bu xüsusda Azərbaycan tərəfindən konkret addımların atıldığını qeyd edib.
“O, ölkəmizin regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının təşəbbüskarı kimi çıxış etdiyini qarşı tərəfin diqqətinə çatdırıb”, - deyə məlumatda vurğulanır.*
R.Kərimov