Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirir.
“Rusiya Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük. Buna görə bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına çox müsbət təkan verir, qarşılıqlı siyasi fəaliyyət də çox yüksək səviyyədədir”, - deyə dövlət başçısı TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın yanvarın 30-da “Rossiya 24” telekanalında yayımlanmış “Hakimiyyət formulu” verilişində bildirib.
İ.Əliyev Putinlə humanitar sahədə əməkdaşlıq məsələlərində də sıx qarşılıqlı fəaliyyətdə olduğunu diqqətə çatdırıb. “Fikrimcə bu, qonşular arasında əməkdaşlığın nümunəsidir. Azərbaycanda təhsilin rus dilində olduğu 330-dan çox məktəbin, Rusiyanın aparıcı ali məktəblərinin filiallarının mövcud olması və yetərincə zəngin mədəni proqramın olması Rusiyada çox yüksək qiymətləndirilir. Biz daim əlaqə saxlayırıq, yaxın dostlar və tərəfdaşlar kimi işləyirik”, - deyə prezident əlavə edib.*
R.Kərimov