Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin bərpası layihəsinin dəyəri 800 milyon manat həcmində qiymətləndirilir, indiyədək layihənin 42%-i icra olunub.
“Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaq”, - Əliyev Gəncə şəhərinə səfər zamanı “AZƏRTAC” agentliyinə müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Gəncənin qaz və su təchizatı problemləri də diqqət mərkəzindədir.
“Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox genişmiqyaslı layihədir, həm də maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Mənə verilən son məlumata görə, hazırda bu layihənin icrası 42% səviyyəsindədir. Əlbəttə, əlavə tapşırıqlar veriləcək ki, bu layihənin icrası sürətləndirilsin, Gəncə şəhərinin bu problemi də öz həllini tapsın”, - o bildirib. **
E.Şəfiyev