SOCAR şirkəti Yaponiyanın JOGMEC şirkəti ilə birgə “Ütəlgi” bloku üzrə 2D seysmik kəşfiyyat işləri aparacaq.
“SOCAR və JOGMEC Şamaxı-Qobustan neftli-qazlı rayonunun “Ütəlgi” bloku üzrə 2D seysmik kəşfiyyat işlərinin aparılmasına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən “Ütəlgi” blokunda 628 xətti km həcmində 2D seysmik kəşfiyyat işləri aparılacaq”, - SOCAR-ın məlumatında deyilir.
Məlumata əsasən, sahədə mikro-seysmik karotaj işləri və şlam nümünələrinin götürülməsi məqsədilə 5 ədəd 100 metrlik və 91 ədəd 30 metrlik quyular qazılacaq.
“Əvvəlcə mütəxəssislər tərəfindən ətraf mühitin qiymətləndirilməsi sənədi hazırlanacaq. Kəşfiyyat işlərinin cari ilin aprel ayında başlanılması, avqust-sentyabr aylarında isə yekunlaşdırlması nəzərdə tutulur. Aparılacaq işlər “Ütəlgi” blokunda seysmik məlumatların az olduğu ərazilərdə yeni və daha yüksək keyfiyyətli məlumatların qeydə alınması məqsədi daşıyır”, - məlumatda deyilir.
Hazırkı müqavilə SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında daha əvvəl – 28 oktyabr 2019-ci ildə bağlanmış “Azərbaycan Respublikasında “Ütəlgi” Kəşfiyyat Bloku üzrə Tədqiqat Əməliyyatlarına dair Birgə Tədqiqat Sazişi”nə uyğun olaraq imzalanıb və tərəflər arasında geniş əməkdaşlıq layihəsinin tərkib hissəsidir.
Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) 2004-cü ilin fevralında Yaponiya Milli Neft Korporasiyası (JNOC) və Yaponiya Metallurgiya-Mədən Agentliyinin (MMAJ) birləşməsi nəticəsində yaranıb. JOGMEC Yaponiya hökuməti adından ITOCHU, İNPEX və s. şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi verir. **
N.Abbasova