Bu gün SOCAR-ın 2021-ci ilin noyabrında yerləşdirilmiş $100 milyon məbləğində istiqrazlarının sahiblərinə $1,125 milyon məbləğində ilk faiz ödənişi həyata keçirilib. Bu barədə “SOCAR Capital” şirkətindən məlumat verilib.
“Fevralın 1-də SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə $1,125 milyon məbləğində faiz ödənilib. Vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb”, - deyə məlumatda bildirilir.
İstiqrazların dövriyyəyə buraxıldığı ilk 3 ay ərzində təkrar bazar əməliyyatlarının həcmi $17 milyona çatıb, bağlanmış əqd sayı 100-ü ötüb, istiqrazlar Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilib.
“Təkrar bazarda bu günə qədərki ən yüksək qiymət olan 1090 dollardan alqı-satqı əməliyyatlarının baş tutması yeni SOCAR istiqrazlarına olan yüksək tələbatın artaraq davam etməsindən xəbər verir. SOCAR istiqrazlarının sahibləri uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda, istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14–15%-lə manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4.5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur”, - deyə məlumatda qeyd olunur.
SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2022-ci ilin 1 may tarixində baş tutacaq.
1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında SOCAR-ın tədavül müddəti 5 təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, $100 milyon həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği $380,614 milyon təşkil edib. İstiqrazın illik faiz dərəcəsi 4.5%-dir, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
Emissiya hər birinin nominal qiyməti $1 min olan 100 min ədəd istiqraza bölünüb.
Noyabrın 2-də SOCAR-ın istiqrazları təkrar bazarda yerləşdirib.
SOCAR istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri müxtəlif layihələr üzrə öhdəliklərin maliyyələşdirilməsinə (Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Karbamid zavodunun tikintisi və s.) yönəltməyi nəzərdə tutur.
SOCAR 2016-cı ilin sentyabr ayında daxili bazarda $100 milyon həcmində istiqrazların (illik gəlirlilik 5%) ilk buraxılışını həyata keçirib. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb. İstiqrazların tədavül müddəti 2021-ci il oktyabrın 18-də başa çatıb. İstiqraz sahibləri $25 milyon gəlir əldə ediblər.*
N.Abbasova