Milli Məclis bu gün keçirilən plenar iclasda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin 2023-cü il yanvarın 1-dək uzadılmasını təsdiq edib.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, müvafiq dəyişikliklər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda nəzərdə tutulub.
Prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanunu təsdiq edib. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il yanvarın 1-dək, 2021-ci ilin mart ayında isə 2022-ci il yanvarın 1-dək uzadılıb.
Qanuna əsasən, yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar, habelə tikintiyə və özəl tibb müəssisələrinin fəaliyyətinə dövlət nəzarəti çərçivəsində yoxlamalar aparıla bilər.*
X.Nəsirzadə