Prezident İlham Əliyev fevralın 1-də “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:
Bank olmayan kredit təşkilatları üçün nizamnamə kapitalından artıq məbləğdə vəsaitin ayrılması bank qarantiyası əsasında həyata keçirilə bilər.
Müvəkkil kredit təşkilatları limitin azaldılması və ya ləğv edilməsi barədə Agentliyə müraciət edə bilərlər.
Bir il ərzində bir müvəkkil kredit təşkilatına ayrılan limit həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi limitin 30 faizindən çox ola bilməz.
Dəyşikliklərə əsasən, sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektləri vaxtından əvvəl faizləri və ya əsas borcu ödəyərsə, həmin faizlərin bu Qaydanın 5.7-ci bəndinə uyğun olan hissəsi və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 5 iş günündən gec olmayaraq Agentliyin hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Agentliyin hesabına köçürülməsini gecikdirdikdə, cərimə ödəməlidirlər. Vəsaitin köçürülməsi 15 iş günündən çox gecikdirildikdə, Müsabiqə Komissiyası müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxara bilər.
Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına yeni bağların salınması məqsədilə güzəştli kreditlər verildikdə həmin güzəştli kreditlərin müddəti 6 ilədək, kreditlər üzrə güzəşt müddəti isə 36 ayadək müəyyən edilir.
Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir.
Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə