Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşüb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Həsənov və Akar Azərbaycanla Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.
“Görüşdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir”, - deyə məlumatda qeyd olunur.
Nazirlikdən bildiriblər ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün müdafiə naziri Zakir Həsənovu qəbul edib.*
E.Şəfiyev