Bərdə-Ağdam dəmir yolunda yeni stansiyaların inşasına başlanılıb. Bu barədə Əlaqələndirmə Qərargahından məlumat verilib.
“Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inzibati binası və sərnişin platformasının tikintisinə başlanılıb. Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində dörd ədəd stansiyanın, üç ədəd körpünün, bir ədəd yolötürücünün, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin və ümumilikdə 127 ədəd süni mühəndisi qurğunun tikintisi planlaşdırılır”, - Qərargahdan qeyd olunur.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 km, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 km təşkil edir. “Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65% yerinə yetirilib”, - Qərargahdan vurğulanır.
Birinci mərhələ üzrə dəmir yolu xəttinin torpaq yatağının tikintisi işlərinə 2020-ci ilin dekabr ayında, süni qurğuların tikintisinə 2021-ci ilin fevral ayında, yolun üst quruluşu elementlərinin tikintisinə isə 2021-ci ilin avqust ayında başlanılıb.
“Dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir”, - Qərargahdan məlumat verilir.
Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır
Xəbər verildiyi kimi, 24 noyabr 2020-ci il tarixində prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında sərəncam imzalayıb.**
B.Rüstəmbəyov