Azərbaycan ildə 400-ə qədər gənci təhsil almaq üçün dünyanın aparıcı ali məktəblərinə göndərməyi planlaşdırır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Gənclərin xaricdə təhsil ilə bağlı yeni proqramı artıq işlənilib. Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. İldə təqribən 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcək”, - Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bildirib.
Onun sözlərinə görə, azərbaycanlı gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəblərinə ezam edilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib.
Əliyev qeyd edib ki, 2016-cı ildə bu proqrama başlananda Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları xaricdə qalmağı seçə bilərdilər. “Ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb”, - prezident əlavə edib. **
R.Kərimov