Ermənistan Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolunun tikintisinə başlamağa yaxındır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun fəaliyyətinin ilk nəticəsini əldə etməyə çox yaxınıq. Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorovun İrəvana səfəri Arazəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunub”, - deyə o, bu gün hökumətin iclasında çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, tikintinin layihələndirilməsi, başlanması və maliyyələşdirilməsi məsələləri müzakirə olunur. “Hesab edirik ki, tezliklə bu layihənin reallaşdırılması mümkün olacaq”, - deyə Paşinyan qeyd edib.
Öz növbəsində, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, İrəvan dəmir yolunun tikintisi məsələsində Rusiya tərəfi ilə sıx təmasda olacaq. “İnfrastrukturun operatoru “Cənubi Qafqaz dəmir yolu” şirkətidir (RDY-nin 100%-lik törəməsi) və bu mərhələdən etibarən intensiv şəkildə ikitərəfli əlaqələrin saxlanılmasını düzgün hesab edirik”, - deyə o vurğulayıb.*