“AzerGold” QSC 2021-ci ildə 60 min unsiya qızılın satışını həyata keçirib ki, bu da 2020-ci ilin göstəricisindən 0,5% çoxdur. Bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “AzerGold” tərəfindən gümüş satışının həcmi 133 min unsiya (artım 11,3%) təşkil edib.
“2021-ci ildə qızıl və gümüş satışından 188,3 milyon manat gəlir (artım 0,4%) gəlir əldə edilib”, - deyə sədr əlavə edib.
“AzerGold” QSC 2021-ci ildə hasilat göstəricilərini 61,5 min unsiya qızıl, 134,4 min unsiya gümüşə çatdırıb. Qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2.5%, gümüş hasilatı üzrə 10.9% artım qeydə alınıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
B.Rüstəmbəyov