“AzerGold” QSC 2021-ci ildə Kəlbəcər rayonu ərazisində tədqiqatlar aparmağa başlayıb. Bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün mətbuat konfransında deyib.
“Tədqiqatlar Tutqunçay ərazisində aparılır, ümumi sahə 300 kv. km-dir”, - deyə o bildirib.
Z.İbrahimovun sözlərinə görə, tədqiqatlar peyk vasitəsilə də həyata keçirilir.
“Bu işlər 2024-cü ilin sonuna qədər davam etdiriləcək”, - deyə o qeyd edib.
Sədr əlavə edib ki, tədqiqat işləri ilə yanaşı, ərazinin minalardan təmizlənməsi işləri də həyata keçirilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
B.Rüstəmbəyov