2021-ci ildə Azərbaycanın ərik və şaftalı (nektarin) ixracından gəlirləri $32,2 milyonu ötüb. Bu barədə Aqrar Sığorta Fondunun məlumatında deyilir.
2021-ci ildə şaftalı ixracı Azərbaycana $30 milyondan artıq gəlir gətirib.
Azərbaycanda şaftalı ölkənin demək olar bütün bölgələrində 7,1 min hektarda əkilir. Şaftalı bağları ən çox Xaçmaz, Şəmkir, Goranboy, Göygöl, Quba, Qusar, Şabran və Balakəndədir.
“Şaftalı bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda şaftalı bağının baza zərfi üzrə sığortası üçün tariflər 2,55%-5,34% arasındadır”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, 2021-ci ildə Azərbaycandan $2,2 milyonluq ərik ixrac edilib. Ərik bitkisi Azərbaycanda 4 min hektar sahədə becərilir. Ərik bağları ən çox Goranboy, Samux, Şəmkir, Bərdə, Tərtər, Xaçmaz, Şəki, Ordubad və Şərurdadır.
Ərik bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda ərik bağının baza zərfi üzrə sığorta tarifləri 2,19%-4,48% arasındadır.*
X.Nəsirzadə