“AzerGold” QSC 2022-ci ildə ilk dəfə 20,5 milyon manat məbləğində dividend ödənişi həyata keçirməyi planlaşdırır. Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.
“İlkin qiymətləndirmələrə əsaslanaraq 2021-ci ilin yekunları üzrə “AzerGold”un xalis mənfəəti təqribən 80 milyon manat təşkil edəcək. 2020-2021-ci illər üzrə uğurlu fəaliyyət nəticəsində ilk dəfə səhmdarlara dividend ödənişi həyata keçiriləcək”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, bu il dividend ödənişinə 20,5 milyon manat məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
B.Rüstəmbəyov