Azərbaycan Xarici İşlər Nazirliyi Birinci Qarabağ müharibəsi (1991-1994-cü illər) zamanı azərbaycanlıların öldürülərək basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların verilməsi məsələsində beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb.
“Biz beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərərək birinci Ermənistan-Azərbaycan müharibəsinin qanlı irsi olan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırırıq», - XİN-i bəyanatında deyilir.
Nazirlikdən xatırladıblar ki, 4 fevral tarixində Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görü zamanı Birinci Qarabağ müharibəsi zamanı ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyi barədə məlumat verilməsi və onların basdırıldığı kütləvi məzarlıqların yerlərinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi diqqətə çatdırılıb və bu məsələyə Fransa və Avropa İttifaqı Şurasının prezidentləri tərəfindən dəstək ifadə olunub.
“Azərbaycantərəfinin atdığı humanist addımların nəticəsi olaraq 1708 erməni hərbi qulluqçunun cəsədinin tapılaraq qarşı tərəfə təhvil verilməsi fonunda Ermənistanın inkarçılıq siyasətini davam etdirməsi, beynəlxalq humanitar hüquq əsasında, həmçinin 4 fevral 2022-ci ildə videoformatda keçirilmiş görüş zamanı üzərinə götürdüyü öhdəlikləri inkar etməsi mənəvi-etik və beynəlxalq hüquqi çərçivələrdən tamamilə kənara çıxır”, - XİN-dən vurğulanır.
Xəbər verildiyi kimi, Azərbaycan 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır. Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir. Lakin fevralın 7-də Ermənistan XİN bəyan edib ki, bu məsələ ilə əlaqədar İrəvan öz üzərinə heç bir öhdəlik götürməyib. **
E.Şəfiyev