2021-ci il ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 milyon 627,4 min ton təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin 13 milyon 462,8 min tonu və ya 34%-i dəmir yolu nəqliyyatı (artım 5% - İF), 21 milyon 606,6 min tonu və ya 54,5%-i avtomobil nəqliyyatı (artım 4,6%), 4 milyon 558 min tonu və ya 11,5%-i (azalma 9,1%) dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3%-ni və ya 8 milyon 826,3 min tonunu (artım 5,3% - İF) tranzit yüklər təşkil edib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova