2021-ci ilin yekunları üzrə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 732,1 manat (cari məzənnə ilə $430,65) olub, bu da 2020-ci ilin göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 min nəfər və ya 0,4% artaraq 1 milyon 705,1 min nəfər (dekabrın 1-nə 1 milyon 704,9 min nəfər) olub.
Onlardan 904,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 800,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,6%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.**
E.Şəfiyev