Ermənistan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş hesab edilən 108 nəfərin qalıqlarını Azərbaycana təhvil verib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Son bir il ərzində Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab edilən 108 nəfərin qalıqlarını Azərbaycana təhvil vermişik. Yaxın günlərdə daha iki nəfərin qalıqlarını təhvil verməyə hazırlaşırıq. Biz ilkin şərtsiz qalıqları təhvil verdik, bu humanitar məsələdir və bizim üçün sövdələşmə predmeti deyil”, - Paşinyan bu gün “hökumət saatı” çərçivəsində deputatların suallarına cavabında bildirib.
Onun sözlərinə görə, fevralın 4-də Azərbaycan prezidenti ilə videokonfrans rejimində görüş zamanı humanitar məsələlərin həlli yolları müzakirə olunub.
“Biz Birinci Qarabağ müharibəsi və 2020-ci ilin payızında 44 günlük müharibə zamanı itkin düşən şəxslərin taleyi barədə danışmışıq. Azərbaycan birinci müharibədə təxminən 4 min nəfərin itkin düşməsi barədə bəyan edir. Rəsmi məlumatlara əsasən, birinci müharəbə Ermənistan tərəfindən 777 nəfər itkin düşmüş hesab olunur. 44 günlük müharibənin nəticələrinə əsasən, 217 nəfər itkin düşmüş hesab edilir. Ümid edirik ki, bütün itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə əməkdaşlıq qurmaq mümkün olacaq”, - Paşinyan qeyd edib. **