2022-ci ildə Bakıda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov və Moldova Respublikasının baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.
“Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üçüncü iclasının 2012-ci ildə Kişinyovda keçirildiyi bildirilib, növbəti iclasın bu il Bakıda keçirilməsi barədə ilkin razılıq əldə olunub. İclas çərçivəsində Azərbaycan və Moldova iş adamlarının iştirakı ilə Biznes Forumun keçirilməsi təklifi də məqbul sayılıb”, - deyə məlumatda bildirilir.
Tərəflər Azərbaycan və Moldovanın kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar. Bildirilib ki, birgə müəssisələrin yaradılması, Moldovanın Azərbaycanın həyata keçirdiyi nəqliyyat infrastrukturu layihələrinə inteqrasiya imkanlarının araşdırılması əməkdaşlığın əsas istiqamətləri ola bilər. İclasda iki ölkənin enerji məsələləri, mədəniyyət, təhsil və turizm sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.
“Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın, o cümlədən kənd təsərrüfatı məhsullarının idxalı və ixracının genişləndirilməsi mümkünlüyünü vurğulayıblar”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov