“BP-Azerbaijan” şirkəti 2021-ci ildə “Şahdəniz” yatağından 23 milyard kubmetr qaz hasil edib ki, bu da 2020-ci ilin göstəricisindən 27,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
2021-ci ildə yataqdan təqribən 34 milyon barel (4 milyon ton) kondensat hasil edilib ki, bu da 2020-ci ilin göstəricisindən 17,2% çoxdur.
“Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir”, - deyə məlumatda bildirilir.
2021-ci il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 2 milyard dollardan artıq əməliyyat xərcləri və təxminən 680 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
2021-ci il ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK)ilə gündəlik 48,5 milyon kubmetr qaz (2020-ci ildə gündəlik 33,8 milyon kubmetr) nəql olunub. Bu dövrdə CQBK-nin əməliyyat xərcləri $54 milyon, əsaslı xərclər isə $12 milyon təşkil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova