Bakı və Tehran hazırda avtomobil ehtiyat hissələri və əczaçılıq zavodlarının tikintisi də daxil olmaqla, bir sıra iri layihələr həyata keçirir. Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.
“Hazırda Azərbaycanla İran arasında 15-ə yaxın birgə iri layihə, o cümlədən nəqliyyat, neft, qaz və enerji sahələrində üçtərəfli layihələr həyata keçirilir. Azərbaycanın azad edilmiş ərazilərində istehsal güclərinin yaradılması, ölkənin sənaye şəhərlərində avtomobil ehtiyat hissələri və əczaçılıq zavodlarının tikintisi istiqamətində işlər aparılır”, - deyə Ə.Əlizadə “IRIB” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi İranla münasibətlərdə yeni imkanlar açıb. “İran şirkətlərinə azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına sərmayə yatırmaq, bərpa və quruculuq layihələrində iştirak etmək təklif olunur. Bu layihələr həmin torpaqların qısamüddətli perspektivdə sülh və əməkdaşlıq zonasına çevrilməsində mühüm rol oynayacaq. Əminəm ki, İran şirkətləri də bu inkişafa öz töhfəsini verəcəklər”, - deyə səfir vurğulayıb.*
E.Şəfiyev