2021-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib. Bu barədə nazirliyin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, nəzarət tədbirləri 144 obyektdə aparılıb.
“Yoxlamalar zamanı Xarici İşlər, Təhsil, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin sistemində, Biləsuvar, Cəlilabad və Şəmkir rayon İcra hakimiyyətlərində və tabeli qurumlarında, səhiyyə sistemində pozuntular aşkar edilib. Bundan başqa, “Azərxalça” ASC-nin fəaliyyətində də böyük pozuntular aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı müxtəlif obyektlərdə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, 108 nəfər vəzifəli şəxsə 82 min manat məbləğində cərimələr tətbiq edilməklə dövlət büdcəsinə ödənilməsi təmin olunub.*
R.Əhmədov