Azərbaycan 2021-ci ildə 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edib, bu, rekord göstəricidir. Bunu Prezident İlham Əliyev deyib.
“Keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib və 1,6 milyard kilovat/saat ixrac olunub. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik”, - deyə dövlət başçısı AZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan nadir ölkələrdəndir ki, qonşu ölkələrə həm neft-qaz məhsulları, həm də elektrik enerjisi ixrac edir.
“Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir”, - deyə İ.Əliyev vurğulayıb.*
E.Şəfiyev