Azərbaycan hökuməti və Mərkəzi Bank (AMB) antiinflyasiya proqramı üzərində işləri yekunlaşdırır. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
“Azərbaycan hökuməti, Mərkəzi Bank antiinflyasiya proqramı üzərində işləri yekunlaşdırır. Yaxın vaxtlarda Azərbaycan hökumətinin, İqtisadi Şuranın iclasında bu tədbirlər müzakirə olunub təsdiq ediləcək”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədrin sözlərinə görə, Mərkəzi Bank qarşısında duran başlıca hədəf inflyasiyanın səviyyəsinin azaldılmasıdır. “Yanvar ayının nəticələrində dünyanın aparıcı ölkələrində inflyasiyanın artdığı görülür. Beynəlxalq maliyyə institutlarının qiymətləndirmələri, eləcə də bizim proqnozumuz ondan ibarətdir ki, ilin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru getməlidir. Bu istiqamətdə biz beynəlxalq inflyasiyanın azalacağına ümid edirik”, - deyə E.Rüstəmov qeyd edib.
O əlavə edib ki, AMB antiinflyasiya tədbirləri çərçivəsində monetar siyasətin sərtləşdirilməsi üzrə mərhələli siyasət həyata keçirir.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırır. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2022-ci ildə orta illik inflyasiya 6,6%-7,1% təşkil edəcək, 2023-cü ildə 4%-dək azalacaq.*