Fevralın ikinci yarısında Rusiya regionlarından Azərbaycana bir neçə biznes missiyanın təşkil edilməsi planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat verib.
“Gələn həftədən etibarən Saratov vilayətindən, Sankt-Peterburqdan, Leninqrad vilayətindən, Başqırdıstandan Azərbaycana nümayəndə heyətləri gələcək”, - deyə o bildirib.
Ticarət nümayəndəsinin sözlərinə görə, fevralın sonunda Udmurtiyadan, mart ayının əvvəlində isə Dağıstandan biznes missiyanın təşkili gözlənilir.
Mirsayapov qeyd edib ki, aprel ayında Rusiya Sənaye və Ticarət Nazirliyinin və Rusiya İxrac Mərkəzinin himayəsi altında neft-qaz avadanlıqları, eləcə də dəmir yolu avadanlıqları istehsalı ilə məşğul olan müəssisələrin Azərbaycana işgüzar missiyası gözlənilir.
Bundan başqa, aprel ayında Azərbaycanda logistika sərgisi, may ayında Caspian Agro, iyun ayında isə Xəzər Neft və Qaz sərgisi keçiriləcək. “Bu sərgilərdə bir çox Rusiya şirkətləri təmsil olunacaq”, - deyə o vurğulayıb.
Mirsayapov əlavə edib ki, hazırda Azərbaycan İqtisadiyyat Nazirliyi Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş rayonlarında işləmək istəyən Rusiya şirkətlərinin reyestrini aparır. “14 Rusiya şirkəti reyestrə daxil edilib, onlar sərmayə yatırmağa, məhsul tədarük etməyə, xidmət göstərməyə hazırdır”, - deyə ticarət nümayəndəsi bildirib.
O, bu kontekstdə Rusiyanın “KAMAZ” şirkətini qeyd edib. Şirkət 2022-ci ilin iyun ayına qədər Cəbrayıl rayonundakı Sənaye Parkında servis mərkəzinin tikintisini başa çatdıracaq.*
X.Nəsirzadə