Ağdam Sənaye Parkının rezidentlərindən olan alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalında ixtisaslaşan “Smartpoint” MMC yaxın zamanda layihələndirmə işlərinə başlayacaq.
Azərbaycan prezidenti İlham Əliyev müəssisənin təməlqoyma mərasimində iştirak edib.
“Yaxın vaxtlarda müəssisənin layihələndirmə işlərinə başlanacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur”, - dövlət başçısının saytında məlumat verilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə 80 daimi iş yeri yaradılacaq.
Müəssisə Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır.
Bunda başqa, MMC Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən faydalanacaq.
İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır. **
X.Nəsirzadə