Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı David Zalkaliani ilə telefonla danışıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Bayramov dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı (6,2 bal gücündə - İF) Zalkalianidən ölkədə mövcud olan vəziyyəti sorğu edib. Onun sözlərinə görə, Azərbaycan, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana yardım etməyə hazırdır”, - XİN-dən qeyd edilib.
Öz növbəsində, Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
“Nazirlər inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar», - XİN-dən bildirilir. **
E.Şəfiyev