Azərbaycanın energetika naziri Pərviz Şahbazov Pakistanın Bakıdakı səfiri Bilal Hayeeni ilə görüş keçirib. Bu barədə nazirlikdən məlumat verilir.
“Tərəflər enerji sahəsində əməkdaşlığın gücləndirilməsi üçün perspektiv istiqamətləri nəzərdən keçiriliblər. Xüsusilə, enerji sektorunda qarşılıqlı investisiya imkanları müzakirə edilib, mayeləşdirilmiş təbii qaz (LNG), neft-kimya məhsullarının Pakistana təchizatı məsələləri üzrə fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” nazirliyə istinadən məlumat verir ki, işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji ehtiyatları və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı barədə məlumatlar, inkişaf planları barədə məlumatlar diplomatın diqqətinə çatdırılıb.
“Söhbət zamanı Pakistan şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib. Həmçinin Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyası çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Birgə İşçi Qrupun tezliklə yaradılmasının vacibliyi qeyd edilib”, - məlumatda vurğulanır. **
N.Abbasova