2022-ci ilin yanvar ayında Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin axını 290 min nəfər təşkil edib, bu da ötən ilin yanvar ayının göstəricisindən 4 dəfə çoxdur. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilir.
“COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması, həmçinin Azərbaycanın hava sərhədlərini açdığı ölkələrin sayının artması müsbət tendensiyaya səbəb oldu. Lakin, sərnişin axını pandemiyadan əvvəl, 2020-ci ilin yanvar ayının nəticəsindən aşağı olaraq qalır və qeyd olunan dövrdə 395 min nəfər təşkil edib”, - məlumatda deyilir.
Yanvarda ümumi sərnişin sayından 233 min sərnişin və ya ümumi sərnişin axınının 80%-i Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Həmçinin, yanvarda Bakı hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” 91 min və 28 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq sərnişin axınının 39,1%-ni və 12,1%-ni təşkil edir.
Yanvar ayında 23 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib.
Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirir.
2021-ci ildə Azərbaycanın hava limanlarında 2 milyon 93 min sərnişinə xidmət göstərilib, bu da 2020-ci ilin göstəricisindən iki dəfə çoxdur. **
N.Abbasova