2022-ci ilin yanvar ayında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1 milyard 683,1 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 4,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 45,8%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, 2022-ci ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 3 milyard 674,6 milyon kubmetr qaz (artım 3,5%) nəql edilib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,83%), “Petronas” (15,5%), SOCAR (16,67%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. “Petronas” şirkəti layihədəki payının satışı ilə bağlı razılığa gəlib. “Lukoil” “Petronas”dan 9,9%, SOCAR 4,35%, BP isə 1,16% pay alacaq. Sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək bağlanması planlaşdırılır.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova