2022-ci ilin yanvar ayında Azərbaycanda 394,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 373,9 milyon manat məbləğində heyvandarlıq, 20,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,6%, bitkiçilik məhsullarının istehsal həcmi 4,8% artıb.
Yanvarda respublikada 44,4 min ton ət (artım 3%), 159,2 min ton süd (artım 1,4%), 157 milyon ədəd yumurta (artım 2,7%) istehsal edilib.
1 yanvar 2022-ci il tarixinə damazlıq təsərrüfatlarında 12,3 min baş iri buynuzlu mal-qara, 14,4 min baş qoyun və keçi olub.
Hazırda ölkənin tarla, bağ və üzümlüklərində kultivasiya işləri fdavam edir. Paralel olaraq yazlıq bitkilərin əkininə hazırlıq işləri aparılır. Payızlıq taxıl tarlalarında aqrotexniki tədbirlər həyata keçirilir.
DSK-nın ilkin məlumatına görə, 2022-ci ilin məhsulu üçün 1 milyon 15,9 mi hektar payızlıq bitkiləri, həmçinin 602,1 min hektar buğda (59,3%), 413,6 min hektar arpa (40,7%), 0,2 min hektar çovdar (0,02%) əkilib.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.**
X.Nəsirzadə