2022-ci ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 15 milyon 992 min ton yük daşınıb ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 76,2% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 23,8% dövlət sektorunun payına düşüb. Yanvarda qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 3,8% artıb.
Hesabat dövründə dəmir yolu ilə 1 milyon 238,2 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 1,2% azdır.
Dəniz nəqliyyatı ilə 445,6 min ton (artım 1,7%), avtomobil nəqliyyatı ilə 8 milyon 621,8 min ton (artım 7,3%), hava nəqliyyatı ilə 60 min ton (artım 35,4%) müxtəlif yük daşınıb. Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 2 milyon 980,7 min ton neft (azalma 5,7%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov