Azərbaycan prezidenti İlham Əliyev sahibkarları azad edilmiş ərazilərdə fəal biznes təşkil etməyə, dövlət strukturlarını isə sahibkarların sərmayələri üçün şərait yaratmağa çağırıb.
“Son vaxtlar özəl sektorun inkişafı nəticəsində biz daha böyük uğurlara nail olmuşuq. Bu sahə deyə bilərəm ki, ilk günlərdən mənim Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu və məhz bunun nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini indi özəl sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin edirik”, - Əliyev bu gün bir sıra rayonların İcra Hakimiyyətinin başçılarını təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, indiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür.Onun sözlərinə görə, sahibkarlar azad edilmiş torpaqlara fikir verməlidirlər (Qarabağ və Şərqi Zəngəzura - İF) və orada öz işlərini qurmalıdırlar.
“Bu məsələ ilə bağlı mən artıq dəfələrlə öz fikirlərimi demişəm və eyni zamanda, fəaliyyət göstərdikləri bütün bölgələrdə fəal olmalıdırlar. Bu fəallığı dövlət təmin edir. Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam, həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır”, - Əliyev bildirib.
Prezident qeyd edib ki, yerlərdə sahibkarlara onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. “Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır”, - dövlət başçısı bəyan edib.
Əliyev vurğulayıb ki, göstəriş verib ki, ölkənin xarici dövlət borcu ildən-ilə azalsın. “Ötən ilin nəticələrinə görə, ümumi daxili məhsulun cəmi 17%-ni təşkil edir. Mən göstəriş vermişdim ki, onu 15, 12, 10%-ə endirək. Yəni, bizim qarşımızda indi maliyyə problemlərimiz yoxdur desəm, səhv olar. Ancaq, eyni zamanda, bütün bu işləri özümüz görürük. O cümlədən Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq. Yəni, bu, onu deməyə əsas verir ki, sadəcə olaraq, yerlərdə işlər düzgün təşkil olunduqda problemlər də öz həllini tapacaq”, - Əliyev yekun vurub. **
B.Rüstəmbəyov