2021-ci ildə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $4 milyard məbləğində əməliyyat aparılıb ki, bu da 2020-ci ilin göstəricisindən 21,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $4 milyard təşkil edib. Bunun 85%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - AMB-dən bildirilir.
AMB-də nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatların azalmasını 2021-ci ildə dollarlaşma prosesinin azalması ilə izah ediblər.
Dördüncü rübdə əməliyyatların həcmi $1,1 milyard, üçüncü rübdə -$0,8 milyard, ikinci rübdə -$0,8 milyard, I rübdə $1,1 milyard təşkil edib.
AMB-dən vurğulanıb ki, 2021-ci ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4% artaraq $27,8 milyard olub. “Nağdsız valyuta əməliyyatlarının 86,4%-i ABŞ dollarında, 13,6%-i isə digər valyutalarda aparılıb”, AMB-dən qeyd olunur.
Hesabat dövründə nağdsız valyuta əməliyyatlarının 29,7%-i banklararası valyuta bazarında (BVB), 70,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.**
X.Nəsirzadə